Ayətəl Kürsi Azərbaycan dilində

255
Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.
256
Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.
257
Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.

Hiç yorum yok:

Yorum Gönder